“Müvəffəqiyyətin qızıl qaydaları” | Sakıp Sabançı

— Gözüm-könlüm xeyriyyəçilik işlərinə doymadığı üçün öz-özümə «qaç, daha çox qaç, qatar son stansiyaya çatmadan daha çox iş gör» deyirəm…”
— «Birisi mənə sadəcə „zəngin“ deyirsə, hirslənərəm. Mən sosial fəaliyyətlərimlə və könül zənginliyimlə xoşbəxtəm…»

Bu sözlər Türkiyənin bütün dünyada tanınan ən məşhur iş adamı, mərhum Sakıp Sabançı haqqında təsəvvür yaratmaq üçün, zənnimizcə, yetərlidir. Türk millətinə, onun adət-ənənələrinə bağlılığı, cəsarəti, kapitalist təfəkküründən uzaqlığı, böyük sərvət sahibi olmasıyla bahəm mənəvi dünyasının zənginliyi, yoxsul, kimsəsiz uşaqlara hər zaman baba sevgisiylə yanaşıb qayğısını əsirgəməməsi, sosial-ictimai sahələrdə gördüyü faydalı işlər, geniş xeyriyyəçilik fəaliyyəti, özünəməxsus şirin kəndli ləhcəsi ilə ümumxalq məhəbbəti qazanmış, el içində Sakıb ağa çağrılan bu unudulmaz şəxsiyyətin mənalı həyatı haqqında cild-cild kitablar yazmaq mümkündür.

S.Sabançı 1933-cü il aprelin 7-də doğulub. Hacı Ömər və Sadiqə Sabançıların 6 oğul övladından ikincisidir. 1948-ci ildə aylıq 25 lirə maaşla «Akbank»«da stajor məmur kimi fəaliyyətə başlayarkən bir vaxt ölkənin ən varlı adamı olacağını yəqin ağlına da gətirməzdi. Xəstəliyi səbəbiylə heç litseydə təhsilini də tamamlaya bilməyən Sabançı bir qədər sonra BOSSA un fabrikində işə başlayıb. Fitri istedadı və qabiliyyəti sayəsində 24 yaşında fabrikdə baş direktor müavinliyinə qədər yüksəlib. Atası vəfat etdikdən bir il sonra — 1967-ci ildə qardaşları İhsan, Hacı, Şövkət, Erol və Özdəmirlə birlikdə sonradan bütün dünyaya səs salacaq „Hacı Ömər Sabançı Holdinq“»i quraraq onun başçısı olub. Hazırda holdinqin tərkibində 30 min işçinin çalışdığı 73 şirkət var. Bank sektorundan sement istehsalına, avtomobil şinləri istehsalından qida sektoruna, pərakəndə ticarətə qədər 21 müxtəlif biznes sahəsində fəaliyyət göstərən holdinqin illik gəliri 10 milyard dollardan çoxdur.

1981-ci ildə xaricdə (Londonda) türk sərmayəsi ilə ilk bank quruldu — «Akinternational bank». Bu proyektin arxasında məhz Sabançı imzası vardı. Sonradan ABŞ-ın, Yaponiyanın, Argentinanın, Braziliyanın, İsveçrənin bir çox məşhur firması ilə ortaqlıqlar yaradıldı və Sakıp ağanın şöhrəti bütün dünyaya yayıldı. O, prezidentlər, baş nazirlər, krallar, şahzadələr, digər yüksək mənsəb yiyələri, dünya kapitalına yön verən biznesmenlər arasında xüsusi ehtiram sahibiydi. S.Sabançı mərhum ABŞ prezidenti Ronald Reyqanla dost olub və iki dəfə həyat yoldaşı ilə birlikdə Ağ evi ziyarət edib. 2001-ci ildə isə Bill Klintonun şəxsi dəvətilə Ağ evdə olub. ABŞ-ın dövlət katibi Corc Şults (vəzifədə olarkən), Yaponiya şahzadəsi Tomohito Mikasa, Sinqapurun baş naziri Lee Kuan Yev, Fransanın sabiq baş nazirləri Raymond Barr və de Mervill, Cinin dövlət başçısı (vəzifədə olarkən) Zhao Xianq, dünyanın ən nəhəng media maqnatlarından Malkolm Forbs, NATO-nun baş katibi Manfred Vörner (vəzifədə olarkən), ABŞ-ın keçmiş prezidenti Cimmi Karter və digər nüfuzlu şəxslər, zəngin iş adamları Sabançını onun İstanbuldakı iqamətgahında ziyarət ediblər.Sakip Sabançı

S.Sabançı Fransa, Belçika, Yaponiya və təbii ki, Türkiyə hökumətlərinin yüksək mükafatlarına layiq görülüb. Müxtəlif dövlətlərin qeyri-hökumət qurumları və universitetlərindən aldığı mükafatların, medalların, fəxri doktorluqların isə sayı-hesabı yoxdur. 13 kitabın müəllifidir. Bunlardan 7-si Türkiyə Təhsil Nazirliyinin qərarıyla «Müəllimlərə və şagirdlərə yararlı kitablar» kimi bütün təhsil ocaqlarına tövsiyə edilib. Kitabların satışından əldə edilən vəsaitin hamısı şikəst uşaqlara sərf olunub.

Sadiqə ananın bütün varidatını bağışlaması və Sabançı qardaşlarının ianələri hesabına 1974-cü ildə Hacı Ömər Sabançı Vəqfi — VAKSA qurulub. Ailənin xeyriyyəçilik fəaliyyətləri bu vəqf vasitəsilə yürüdülür. Başda Sakıp ağa olmaqla Sabançı ailəsinin mənsubları bir fond yaradaraq öz adlarını verməklə müxtəlif təhsil, səhiyyə obyektləri inşa etdiriblər. VAKSA Türkiyənin ən böyük ailə vəqfidir, ölkənin 53 yerində 112 obyekti var. Bunlar arasında bir universitet, məktəblər, yataqxanalar, səhiyyə ocaqları, idman kompleksləri və sosial mərkəzlər var. VAKSA ildə 100 tələbənin təhsil xərclərini öz boynuna götürüb. 1994-cü ildən etibarən təhsil, mədəniyyət, sənətin müxtəlif sahələrində ölkədə və xaricdə uğur qazanan fərdlərə, qurumlara mükafatlar, təqaüdlər verir. Hər il Polis Akademiyasını ilk üç dərəcə ilə bitirən 6 tələbəyə 160 Cümhuriyyət qızılı bağışlanır, təlim-tərbiyə işlərində uğur qazanmış müəllimlərə pul mükafatları təqdim olunur. 1992-ci ildən bəri Mədəniyyət Nazirliyi ilə birlikdə xalq rəqsləri yarışması düzənlənir və yüksək yerlər tutan 10 rəqs qrupuna pul mükafatları verilir. Məqsəd Türkiyədə xalq oyunlarının inkişafına nail olmaqdır. 1999-cu ildə 170 milyon dollarlıq yatırımla Sabançı Universiteti qurulub.

Sakıp Sabancıdan «Müvəffəqiyyətin 50 qızıl qaydası „

1… Hədəfinizi seçin
2… Ayran könüllü olmayın
3… Ziqzaq etməyin
4… Çətinliklə müvəffəqiyyətsizliyi bir-birindən ayırın
5… Cəbhəni daraldın, dar cəbhədən hücuma keçin
6… Keçmişə bağlanmayın, ancaq dərs alın
7… Ustanın yanına çıraq olun, işi öyrənin
8… Tək adam olma dövrünü bağlayın
9… Şou göstərməyin
10… Müvəffəqiyyətə çatanları izləyin
11… Öz çalışacağınız komandanı qurun
12… Zəhmətkeş heyəti qaçırmayın
13… Müvəffəqiyyəti pul ilə mükafatlandırın
14… Kadr yetişdirin və komandaınızı qoruyun
15… Stol arxasında oturan idarəçi olmayın
16… Komanda yoldaşlarınıza hörmət edin
17… Müasir imkanlardan faydalanın
18… Məlumatlı olun, məlumat mübadiləsini izləyin
19… Ən yaxşılarla iş görün
20… Pulu sevin
21… Ucuz adam olmayın
22… Ailənizlə işinizi bir birindən ayırın
23… Öz başınıza inkişaf edin
24… Yaşınızı işinizə qarrışdırmayın
25… Risk etməkdən qorxmayın
26… İşinizə siyasəti qarışdırmayın
27… ​​Dövlətlə bazarlıq etməyin
28… Müvəffəqiyyəti komandanızla bölüşün
29… Verginizi ödəyin
30… Cəmiyyətə qarşı hörmətli olun
31… Adınızı təmiz saxlayın
32… Daima Etibarlı olun
33… Dünyada təkcə siz yox, başqaları da var
34… Yaltaq olmayın, yaltaqlardan uzaq olun
35… Özünüzdən tez çıxan olmayının
36 — Müvəffəqiyyəti üstün güc olaraq istifadə edin
37… Istirahət edin
38… Özünüzə qapanmayın
39… Rəqiblərinizlə dost olun
40… Fərqli fikirləri və kəsləri dinləyin
41… Müvəffəqiyyətinizi, pulunuzu və şöhrətinizi daşımağı bilin
42… Başqalarını dinləməyə əhəmiyyət verin
43… Ayağınızı yorğanınıza görə uzadın
44… Bir çox işi eyni anda etməyin
45… Özünüz olun
46… Keçmişlə vidalaşın
47… Yaşayaraq ölün, yaşamadan ölməyin
48… İşinizdə Bir Nömrə olun
49… Dəyişən şərtlərə riayət edin
50… Axirətdə sizi xilas edəcək bir əsər buraxın arxanızda

About these ads